Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının tövsiyələrinə əsasən, Avropa ölkələri ilə eyni müddətdə yay vaxtına keçilməsi üçün, eləcə də günün işıqlı vaxtının uzanması ilə əlaqədar enerji ehtiyatlarına qənaət edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli 21 saylı qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Yay vaxtı dedikdə, ümumi qəbul edilmiş saat qurşağına münasibətdə bir saat irəli çəkilmiş vaxt nəzərdə tutulur. Yay vaxtına keçilməsi mart ayının sonuncu bazar günü həyata keçirilir (2009-cu ildə 29 mart, 2010-cu ildə 28 martda). Qış dövründə isə saat yenidən geri çəkilərək “qış vaxtı”na keçilir (bu termin rəsmi deyil). “Qış vaxtı”na keçilməsi oktyabr ayının sonuncu bazar günü həyata keçirilir (2009-cu il tarixdə 25 oktyabrda, 2010-cu il tarixdə isə 31 oktyabrda). Əksər ölkələrdə “qış vaxtı” standart astronomik saat qurşağı ilə uyğunluq təşkil edir. Yalnız Rusiyada yay vaxtı saat qurşağından bir deyil, iki saat, “qış vaxtı” isə bir saat fərqlənir.
Yay vaxtının müasir sistemini 1895-ci ildə Yeni Zelandiya entomoloqu C.V.Hadson təklif etmişdir. İlk dəfə isə saatlar 1908-ci ildə İngiltərədə çəkilmişdir. Rusiya ilk dəfə 1917-ci ildə yay vaxtına keçmişdir. Rusiyada yay vaxtının tətbiq edilməsi ilə əlaqədar yayda rus xalqı hər şeydə normal vaxtla müqayisədə iki saat geri qalırlar. Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarktların səbəbli ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır [1]. Aparılan sorğunun nəticələrinə əsasən müəyyən olunmuşdur ki, saat əqrəblərinin çəkilməsi daha çox uşaqlara və xəstələrə mənfi təsir göstərir. Rusiyanın Tibb Elmləri Akademiyasının alimlərinin apardığı elmi araşdırmaya əsasən, qışdan sonra insanın orqanizmi zəifləyir, ona görə də saatlara müdaxilə edilməsi, onların irəli-geri çəkilməsi məsləhət görülmür. Alimlərin fikrincə, bu zaman daha çox xroniki xəstəlikləri olan insanlar əziyyət çəkir. Keçid dövrü – yəni yay və qış vaxtına keçilməsi insan səhhətinə mənfi təsir göstərir. Statistikaya əsasən, saat əqrəblərinin çəkilməsi aşağıdakı hallara səbəb olur :
1. İnfarktların sayı 1,5 dəfə artır;
2. İntiharların sayı 0,66% artır;
3. Təcili yardıma müraciətlərin sayı artır.
Buna əsasən, alimlər yay vaxtının insan səhhətinə mənfi təsir göstərməsi barədə son, rəsmi nəticəyə gəlmişdir [2].
Bununla əlaqədar olaraq, 2008-ci ildə Rusiyanın əksər regionları Dövlət Dumasına yay vaxtına keçilməsinin ləğv edilməsi barədə təkliflə müraciət etmiş, Dövlət Dumasında yay vaxtına keçilməsinin ləğv edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılmışdır. Qanun layihəsində bir vaxtdan digərinə keçilməsinin insan sağlamlığına, səhhətinə mənfi təsir göstərməsi barədə araşdırmaların yekununa dair sənədlər də əlavə edilmişdir. Müzakirələrdən sonra Dövlət Dumasında yay vaxtına keçilməsinin ləğv edilməsi ilə bağlı qanun layihəsi qəbul edilmişdir. Qanunvericilik təşəbbüsü hüququnun müəllifi “Vahid Rusiya” fraksiyasından millət vəkili Vasili Zaxaryaşev olmuşdur [3].
1981-ci ildən dünyanın 76 ölkəsində, o cümlədən Rusiyada yay vaxtından istifadə edilir, hər il saatlar irəli çəkilir. Lakin bu prosesin baş vermədiyi ölkələr də var. Onların sırasına Yaponiya, İran, Virciniya adaları, Sinqapur, Çin, Estoniya və eləcə də, keçmiş SSRİ dövlətləri – Özbəkistan, Tacikistan, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan bir sıra digər ölkələr daxildir. Həmin ölkələr saat əqrəblərinin irəli-geri çəkilməsinin insan səhhətinə olduqca ziyanlı təsirini görərək yay vaxtına keçilməsindən imtina ediblər. Afrika ölkələri arasında yalnız Namibiyada yay vaxtına keçilməsi tətbiq edilir. Qalan ölkələr isə öncə yay vaxtını tətbiq etsə də sonradan onun insana zərərli təsirini görərək imtina etmişdir [4].
Yay vaxtının tətbiq edilməsinin tərəfdarları energetiklər və ticarət nümayəndələri, tətbiq edilməməsinin tərəfdarları isə sağlamlıq və kənd təsərrüfatı işçiləridir. Alimlər hesab edirlər ki, saat əqrəblərinin çəkilməsi xüsusilə şəhərlərdə əhəmiyyətsizdir. Çünki ofislərdə, mağazalarda, təhsil müəssisələrində və digər yerlərdə işıqdan (gün işığından deyil) istifadə olunması labüddür. Bu həmin yerlərin sahələrinin geniş olması ilə əlaqələndirilir ki, bu da həmin yerlərin daimi işıqlandırılmasına ehtiyacın olduğunu göstərir. Bundan əlavə, şimal yarımkürəsində işığa qənaət edilməsinin mənası yoxdur, çünki şimal yarımkürəsində yayda onsuz da günlər uzun olur. Elmi araşdırmalar sübut etmişdir ki, saat əqrəblərinin irəli çəkilməsi mütəmadi olaraq nəqliyyatda, xüsusilə də dəmiryol nəqliyyatında ciddi problemlərin yaranmasına səbəb olur. ABŞ, Böyük Britaniya, İspaniya və Braziliyada aparılan araşdırmalar və statistika sübut edir ki, saat əqrəblərinin irəli çəkilməsinin ilk günlərində yol-nəqliyyat hadisələri artır, sonra isə azalır [5].
Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri sübut edir ki, saat əqrəblərinin irəli-geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yaradır. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var və yay vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq qalxır, stress yaranır, yuxu rejiminin pozulması halları baş verir, ürək-damar xəstəlikləri yaranır, immun sistemi, maddələr mübadiləsi pozulur. Yay vaxtına keçilməsi hətta qadınlarda harmonal dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da qadınların uşaq dünyaya gətirmə qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Saat əqrəblərinin çəkilməsinin mənfi təsirini psixoloqlar da qeyd edirlər. Psixoloqlar hesab edirlər ki, saatların çəkilməsi insanların davranışında da özünü göstərir. Belə ki, insanlar öz “daxili saatlarına” uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir, yuxusuzluq yaradır, anaların davranışlarına təsir edir. Adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir. Keçid dövrünü ən pis uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslər keçirdir. Bu cür şəxslərin özlərinə gəlməsi üçün ən azı bir həftə vaxt tələb olunur [6,7,8].
Helsinki Universitetinin mütəxəssislərinin araşdırmalarına görə, yay vaxtına keçilməsinin tətbiq edilməsi xüsusilə ürək-damar xəstəlikləri olan insanlara mənfi təsir göstərir [5].
Ukrayna Ürək-Damar Cərrahiyyəsi İnstitunun direktoru Vasili Lazorişineç hesab edir ki, saat əqrəblərinin irəli-geri çəkilməsinin psixoloji və fizioloji nəticələri var. Onun fikrincə, bu nəticələr insanlarda iş fəaliyyətinin azalmasında, yuxu pozulmalarında, arterial təzyiqin yüksəlməsində və s. hallarda özünü büruzə verir. Yay vaxtına keçilməsi insanlarda artıq mövcud olan xəstəliklərin güclənməsinə, infarktlara gətirib çıxardır [9]. Bununla da insan həyatı qısalır.
İsveçin Stokholm Karolina İnstitunun da tibbi araşdırmalarına görə, yay vaxtına keçilməsi zamanı ürək çatışmazlığı olan insanlarda infarkt riski artır. Araşdırmalarla sübut edilib ki, keçid saat əqrəblərinin çəkilməsi zamanı gecə istirahət vaxtı azalır ki, bu da yuxunun pozulmasına səbəb olur [10].
2005-ci ildə Qazaxıstanda aparılmış elmi araşdırmalara görə müəyyən olunmuşdur ki, yay vaxtına keçilməsinin tətbiq olunması sosioloji faktorlara da mənfi təsir göstərir, belə ki, əhalinin xəstələnmə səviyyəsi, yol-nəqliyyat hadisələri artır. Həssas, emosional insanlar üçün bu, daha qıcıqlandırıcı olur. Bu araşdırmaların nəticəsində Qazaxıstanda yay vaxtına keçid ləğv olundu [11].
Beləliklə, tənqidçilər və mütəxəssislər yay vaxtına keçilməsini pisləyərək onun insanların səhhətinə və sağlamlığına mənfi təsir göstərdiyini qeyd edirlər.
Yay vaxtının tətbiq edilməsi iqtisadi baxımdan faydalı olsa da dünyanın müxtəlif ölkələrində aparılmış elmi araşdırmalara əsasən sübut edilmişdir ki, o, insan həyatına olduqca mənfi təsir göstərir. Yay vaxtına keçilməsinin tərəfdarı olanlar bununla enerjiyə qənaət edildiyini qeyd edirlər. Saatın nizamının dəyişməsindən qazandığımız cüzi və heç bir dövlət qurumunda hesablanmayan elektrik enerjisinin əvəzində minlərlə insan sağlamlığını itirirsə, buna qazanc demək olmaz.
Qeyd etmək istəyirik ki, Respublikamızda yay vaxtına keçilməsinin vətəndaşların sağlamlığına və səhhətinə təsiri barədə məlumatları əldə etmək məqsədilə aidiyyatı orqanlara – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə sorğular göndərilsə də həmin sorğulara qanunsuz olaraq cavab verilməmişdir.
Mənbələr:
[1] http://www.pereplet.ru/news/index.cgi?id=7951
[2] http://www.pmoney.ru/txt.asp?rbr=205&id=977581
[3] http://eco.rian.ru/business/20100210/208509137.html
[4] http://www.timeanddate.com/time/dst2008.html
[5] http://finmarket.ru/z/anl/anlpgv.asp?id=1115403
[6] http://www.shender.ru/cheese/?.date=20030329
[7] http://www.izvestia.ru/russia/article25605/
[8] http://www.izvestia.ru/online/article25331/
[9] http://www.informer.ua/society/12011
[10] http://strf.ru/science.aspx?CatalogId=222&d_no=16410
[11] http://www.nomad.su/?a=3-200503160330